“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 2013-cü ilin sonlarından etibarən Qazaxıstan Respublikasında icrasına başladığı Çimkənd-Daşkənd yolu (“Almatı-Korday-Blaqoveşenka-Merke-Daşkənd-Termez yolunun km704 – km742  hissəsi) bir istiqamət üzrə vaxtından əvvəl tamamlanaraq istifadəyə verilib.

 

Yerli hökumət strukturlarının ölkə üçün strateji əhəmiyyət daşıyan bu yolun 2016-cı ilin yanvar ayınadək istifadəyə hazır vəziyyətə gətirilməsi ilə bağlı Korporasiya qarşısında qoyduğu vəzifə əlverişsiz iqlim və yol üzərindəki Kazıqurt aşırımının çətin ərazi şərtlərinə baxmayaraq, müvəffəqiyyətlə yerinə yetirilib. Belə ki, aşırımdakı qazma dərinliyi 6 metrdən 12 metrədək artırılıb, sahənin layihədə nəzərdə tutulan asfalt-beton örtüyü ağırtonnajlı nəqliyyatın aşırımda daha rahat və təhlükəsiz hərəkət etməsi üçün sement-beton örtüklə əvəzlənib.Layihənin icrası üçün istehsal həcmi 600 ton/saat olan 3 beton zavodu səfərbər edilib.

 

Qeyd edək ki, “Akkord-Todini-İmpregilo” Azərbaycan-İtaliya Birgə Müəssisəsi Qazaxıstan Respublikasında CAREC III dəhlizi -“Şımkent-Taşkent” (Çimkənd-Daşkənd) yolunun tikintisi layihəsi çərçivəsində elan edilmiş tenderdə  2013-cü ilin sonlarında qalib gəlmişdi. Nizamnamə kapitalında 50% paya malik olan “Akkord” Korporasiyası sözügedən Birgə Müəssisənin əsas iştirakçısıdır. Layihə Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilir.
“Almatı-Korday-Blaqoveşenka-Merke-Daşkənd-Termez yolunun km704 – km742 (cəmi 37.5 km) hissəsinin yenidənqurma layihəsi” üzrə müvafiq müqavilə Birgə Müəssisə ilə Qazaxıstan Respublikasnın Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil Yolları Komitəsi arasında imzalanıb. Müqavilənin ilkin dəyəri 68 milyon ABŞ dolları  (12,587,685,909.54 KZT) olsa da, işlərin gedişatı zamanı müqavilə həcminin artırılması imkanları nəzərdə tutulub və sonradan, müqaviləyə əlavə işlərlə bağlı dəyişikliklər edilib.

 

Ümumilikdə, layihə üzrə 4 zolaqlı yolun ümumi eni 27,5 m, iki zolaq üzrə eni 11 m-dir. Layihə üzrə yol 150 km-saat sürətlə hərəkət üçün nəzərdə tutulub.

Beton örtüklü yolda örtük qalınlığı 27 sm-dir. Yolda 1 yolayırıcı, 3 heyvan keçidi, 37 ədəd 1,5 metr diametrli, 54 ədəd 0,5m diametrli suötürücü, 6 avtobus dayanacağının inşası, 4 yolkənarı parkinq, 9 nöqtədə elektrik xətlərinin yenilənməsi nəzərdə tutulub. Artıq yol-tikinti işləri ilə bərabər, 440 metrlik suötürücü xətlərin, 7700 metr uzunluğunda optik lifli rabitə xətlərinin, yüksəkgərginlikli elektrik xətlərinin yolla kəsişdiyi 6 nöqtədə demontaj və yenidənqurma işləri aparılıb, 1 yolayırıcı, 4 kənd təsərrüfatı texnikası üçün körpü, borular və heyvan keçidlərinin tikintisi üzrə işlər tam şəkildə yekunlaşıb.

Müqavilə ilə işlərin 2,5 il ərzində bitirilməsi nəzərdə tutulur.