Mayın 13-14-də Qafqaz Universitetində “E-Mühəndislik Günləri 2016” tədbiri keçirilib. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tədbirə “Platin sponsor” kimi qatılıb.
Tələbələrin təlim imkanlarının artırılması, mütəxəssislərin təcrübələrindən yararlanması, işləməsi və məzun olduqdan sonra məşğulluğunun daha məqsədyönlü təmin olunması prosesinin dəstəklənməsi məqsədilə Universitetin Electronics Klubunun təşəbbüsü keçirilən tədbir rektor Ahmet Saniçin təbrik nitqi ilə start götürüb.
Tədbirin ilk günündə Universitetin müəllim heyəti, həmçinin, tədbirə xüsusi olaraq dəvət edilmiş İstanbul Texniki Universitetinin nümayəndəsi, professor Eşref Adalının mühazirələri dinlənilib.
Mayin 14-də “Akkord” Korporasiyasını tədbirdə təmsil edən, şirkətin törəmə müəssisələrindən “Körpü Tunel Tikinti” MMC-nin direktoru, əməkdar mühəndis Aslan İsmayılov da “E-Mühəndislik Günləri 2016”-da “Respublikamızda yığma və monolit üsulla tikilən körpü və tunellərin tarixi və perspektivi” mövzusunda maraqlı mühazirə ilə çıxış edib.

Ümumilikdə, 2 gün ərzində 8 şirkət təmsilçisinin texniki mövzular və təmsil etdikləri şirkət haqqında seminarları ilə davam edən tədbir sənayenin gələcəyini müzakirə etmək və həll tapmaq məqsədi ilə akademik heyət, mühəndis və tələbələrin bir yerə toplaşdığı, şirkət və təhsil sistemində çalışanlar, eyni zamanda, mühəndislik ixtısasında təhsil alan tələbələr üçün böyük bir şəbəkələşmə və fikir mübadiləsi imkanı yaradan platforma olub. Bununla birlikdə, şirkətlərin Azərbaycana gətirdikləri və Azərbaycanda istehsal etdikləri yeni texnologiyalarla əlaqəli yüksək səviyyəli təqdimatlar edilib.

Tədbir 3-4-cü kurs bakalavr və magistratura tələbələrinə və eləcə də bu sahədə özünü inkişaf etdirmək istəyən hər bir mühəndis gəncə açıq olmaqla, ictimai birliklər, neft, maşınqayırma, informasiya texnologiyaları və inşaat sektorlarını əhatə edib. 20-dən çox akademik heyəti və 500-dən çox dinləyicini bir araya gətirən tədbirdə ümumi faydalı nəticələr əldə edilib. Qeyd edilib ki, sənayenin gələcəyini müzakirə edərək problemlərə həll tapmaq məqsədi ilə ənənəvi olaraq hər il may ayında akademik heyət, mühəndis və tələbələr Mühəndis Günlərində bir araya gələcəklər.

Leave a Reply