Fevralın 26-da “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin kollektivi paytaxtın Xətai rayonunda yerləşən Xocalı soyqırımı abidəsini ziyarət edib. Korporasiyanın rəhbər və işçi heyəti bu dəhşətli faciənin 24-cü ildönümündə günahsız qurbanların xatirəsini bir daha anıb, ruhlarına dualar oxuyublar. Kollektiv üzvləri geyindikləri xüsusi gödəkçələrin üzərindəki Justice for Khojaly – Xocalıya Ədalət şüarı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən törədilmiş bu dəhşətli soyqırım faciəsinə dünyanın aparıcı dövlətləri və qurumları tərəfindən bugünədək də tam hüquqi-siyasi qiymətin verilməməsinə, cinayətin bilavasitə iştirakçıları olan cəlladların bugünkü Ermənistan dövlətinin başında dayanmasına və məsuliyyətdən yayınmasına etirazlarını ifadə ediblər.

Ziyarət mərasimində soyqırım abidəsinin önünə “Akkord” Korporasiyası adından  əklil və gül dəstələri qoyulub.

Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70 nəfəri qocadır. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.