Martın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetində bu ali təhsil ocağının yaradılmasının 40 illiyinə həsr olunmuş konfrans keçirilib. Universitet rəhbərliyinin təşkil etdiyi tədbirə rəsmi dövlət qurumları, müxtəlif şirkətlər, ali təhsil ocaqlarının nümayəndələri dəvət olunub. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Baş direktoru Göksel Aybek də konfransda iştirak edib.
AzMİU-nun konfrans zalında keçirilən tədbiri giriş sözü ilə universitetin rektoru Gülçöhrə Məmmədova açıb. O, ali təhsil ocağının tarixi, əldə etdiyi nailiyyətlər, perspektiv planlar barədə danışıb. Bundan sonra çıxış üçün söz qonaqlara verilib.
Tədbirdə çıxış edən Göksel Aybek yubiley münasibətilə universitet kollektivini təbrik edib və Korporasiya adından ali təhsil ocağına hədiyyə təqdim edib. O, eyni zamanda, Korporasiyanın qısa təqdimatı ilə çıxış edib və ən qısa zamanda universitetin tələbələrinin Korporasiyanın bazasında təcrübə keçməsi üçün hər cür şərait yaratmağa hazır olduğunu bildirib. Korporasiya rəhbərinin bu təklifi məmnuniyyətlə qəbul edilib.