Yanvarın 27-də “Avropa” otelinin konfrans salonunda Caspian European Club regional təşkilatının 2016-cı ildə ilk Biznes Forumu keçirilib. Forum əvvəlcədən elan olunduğu kimi, Caspian European Construction Club Prezidenti, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Baş direktoru Göksel Aybeklə görüş, Korporasiyanın yeni layihələri və inkişaf perspektivləri ilə tanışlıq, həmçinin Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrindən biri – Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təqdimatı və qarşılıqlı əməkdaşlıq məsələlərinə həsr olunub.
Baş tutan tədbirdə “Akkord” Korporasiyası Göksel Aybeklə yanaşı, Baş direktorun müavinləri – Cavid Ağayev, Vüqar Süleymanov, Samir Qasımov və Xarici layihələr qrupunun rəhbəri Levent Morova ilə təmsil olunub. Forumda klub üzvü olan şirkətlər, həmçinin Latviya, Xorvatiya, İspaniya, Qırğızıstan, Avstriya səfirləri və səfirlik əməkdaşları, işgüzar qurum və dərnəklərin nümayəndələri, o cümlədən media mənsubları iştirak ediblər.
Forumu giriş sözü ilə Caspian European Club Sədrinin birinci müavini, Baş icraçı direktor Telman Əliyev açıb. O, ölkə Prezidenti İlham Əliyev cənablarının sədri olduğu bu nüfuzlu qurumun yerli və xarici şirkətlər arasında əhəmiyyətli əməkdaşlıq platforması olduğunu diqqətə çatdıraraq ötən illər ərzində bu istiqamətdə xeyli işlər görüldüyünü bildirib. T.Əliyev bu baxımdan ölkəmizin tikinti sektorunun liderlərindən olan “Akkord” Korporasiyasının rəhbərliyi ilə bugünkü görüşün də əməkdaşlıq imkanlarının araşdırılması və yeni perspektivlərə nəzər salmaq baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Bundan sonra Baş direktor Göksel Aybek “Akkord” Korporasiyasının geniş təqdimatı ilə çıxış edib. Təsis olunduğu 2005-ci ildən keçən dövr ərzində Korporasiyanın inkişafını quruluş, idarəetmə islahatları və hazırki holdinqləşmə mərhələləri kimi ayıran G.Aybek bu illər ərzində “Akkord”un daim yüksələn xətt üzrə inkişaf etdiyini, bu günədək Azərbaycandan başqa Gürcüstan, Qazaxıstan, Özbəkistan, Ukrayna, Türkiyə, Almaniya, Əfqanıstanda fəaliyyət göstərən şirkətin 2016-ci ilə Moldova, Rusiya, İtaliya, İspaniya, Çin, İran, Oman, Qatar, Səudiyyə Ərəbistanı və s. kimi ölkələrdə yeni layihələr hədəfləyən transmilli Korporasiya kimi çıxdığını bildirib. O, bu gün dünyanın 44 müxtəlif nöqtəsində fəaliyyəti olan şirkətin infrastruktur, daşınmaz əmlak tikintisi və istehsalat-emal sahələrindən başqa layihə-idarəetmə və nəqliyyat xidmətləri sahəsində də mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb. Bugünədək 3,5 mlrd. dollarlıq iş dövriyyəsinə sahib olan Korporasiyanın 2016-cı ildə həyata keçirəcəyi layihələrdən danışan Baş direktor bunlar arasında sənaye istehsalına yönəlik fəaliyyətin xüsusi önəm daşıdığını, Korporasiyada inşaat-tikinti sektorunda az istisnalarla bütün inşaat məhsullarının istehsalı üzrə müəssisələrin fəaliyyətinin prioritet təşkil etdiyini bildirib. O, şirkətin ənənəvi sement, beton, asfalt, mərmər-qranit, prefabrik məhsulları, kərpic, metal-konstruksiya məhsullarının istehsalı sahələri ilə yanaşı fibrobeton, fasad üzlük, plastik qapı-pəncərə istehsalı kimi yeni istehsal sahələrində də ciddi fəaliyyət planlaşdırıldığını bəyan edib. Korporasiyanın standart inşaat qurumu imicinə TANAP kimi beynəlxalq əhəmiyyətli enerji layihəsinə qoşulmaqla yeni bir istiqamət əlavə edildiyini deyən G.Aybek gələcəkdə bu istiqamətdə fəaliyyətin daha genişləndirilməsinin hədəfləndiyini bildirib. Şirkətin kadr potensialı, texniki imkanlarına da diqqət çəkən Baş direktor 2016-cı ildə xüsusilə mülki tikinti sahəsi üzrə işlərdə böyük yeniliklərin olacağını deyib. Onun sözlərinə görə, paytaxtın Mərdəkan, Biləcəri, Xocahəsən, Novxanı və Badamdar zonalarında inşa edilməsi nəzərdə tutulan layihələr “Akkord”un mülki-tikinti sahəsində əvvəllər göstərdiyi fəaliyyətə daha yüksək standartlarla yeni bir nəfəs verəcək.
Bütün bunlarla yanaşı, “Akkord” Korporasiyasının daim ölkə rəhbərliyi tərəfindən yürüdülən iqtisadi siyasətə həssaslıqla yanaşdığı və ona bütün imkanları ilə dəstək verdiyini bildirən Baş direktor bu fəaliyyətin bundan sonra da davam etdiriləcəyini, xüsusilə ölkə Prezidentinin yerli məhsulların ixracının artırılması və idxaldan asılılığın aradan qaldırılması üzrə qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün ən yüksək səviyyədə səylər göstərildiyini və göstərilməkdə davam ediləcəyini vurğulayıb.
Korporasiya rəhbərinin çıxışı iştirakçılar tərəfindən alqışlanıb.
Bundan sonra, CEC sədrinin birinci müavini Telman Əliyev Göksel Aybekə yüksək səviyyəli təqdimata görə təşəkkür edib və ona, Platinum Klub Üzvlüyü Sertifikatını təqdim edib.
Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı da çıxış edib. O, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin keçmişi və hazırki vəziyyətindən, yeni təhsil strategiyasından danışıb. Natiq ali təhsil müəssisələrində yetişən kadrların praktiki hazırlığının böyük önəm daşıdığını və bu baxımdan respublikada müvafiq sahə üzrə fəaliyyət göstərən şirkətlərlə, o cümlədən “Akkord” Korporasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığa ümid etdiklərini bildirib. Gənc kardların Korporasiyanın müxtəlif müəssisələrində praktiki iş vərdişlərinə yiyələnməsində şirkətin dəstəyinə ehtiyac olduğunu bildirən M.Babanlının müraciəti “Akkord” rəhbərliyi tərəfindən həssaslıqla qəbul edilib.
Forum iştirakçılar tərəfindən Korporasiya və Universitet rəhbəriliyinə ünvanlanan suallarla davam edib. Tədbir çərçivəsində Caspian European Club ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb. Telman Əliyev tədbir iştirakçılarına səmərəli əməkdaşlığa görə minnətdarlıq edib.
Forum daha sonra qeyri-rəsmi şəraitdə, qarşılıqlı söhbət və müzakirələrlə davam edib.