“Akkord” Korporasiyasının Türkiyə filialı   bu ölkədəki fəaliyyətini genişləndirərək uğurla davam etdirir.

Bu günlərdə şirkət ölkənin şərq bölgəsində iri miqyaslı su-kanalizasiya tikintisi layihəsinin icrası üzrə müqaviləyə imza atıb.

“Mardin şəhərinin tullantı suları layihəsi kanalizasiya şəbəkəsi, şimal və cənub kollektorları” adlanan layihənin icrası Türkiyə Cümhuriyyəti Çevrə və Şəhərçilik Nazirliyi Avropa Birliyi Yatırımları Dairəsi Başqanlığı tərəfindən keçirilən 2015-ci il 28 sentyabr tarixli tenderin nəticəsinə əsasən, “Akkord Sanayi Inşaat Yatırım A.Ş. ”-nin qurmuş olduğu ortaqlığa həvalə edilib.

Davam edən 3 layihəyə əlavə olaraq, 4-cü layihə üzrə müqavilə 2016-cı il fevralın 26-da imzalanıb.

Müqavilə dəyəri təxminən 80 000 000 TL olan layihənin 21 ay (630 gün) müddətində həyata keçirilməsi nəzərdə tutulub. 140 km-ə yaxın müxtəlif ölçülü borulardan ibarət kanalizasiya şəbəkəsi ilə, 16 km uzunluğunda boru xəttindən ibarət olan şimal kollektoru və 22 km uzunluğunda borudan təşkil olunacaq cənub kollektorunun inşasını nəzərdə tutan layihənin icrası üçün hazırlıq işlərinə artıq start verilib.