1990-cı il yanvarın 20-si Azərbaycan tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Artıq Qanlı Yanvar hadisələrindən 32 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı qətliam törətmişdir. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi və xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşdu. Otuz iki il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır.
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır.
20 Yanvar 2022-ci il tarixdə Akkord Şirkətlər Qrupunun əməkdaşları tariximizin qan yaddaşı olan "20 Yanvar - Ümumxalq Hüzn Günü" ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət etmiş, vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarları üzərinə gül qoyaraq onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!