Vüqar Süleymanov dekabrın 1-dən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin baş icraçı direktoru vəzifəsinə təyin edilib.
Məlumat üçün bildirək ki, Süleymanov Vüqar Fərman oğlu 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-2008-ci illərdə Böyük Britaniyanın Nottingham Trent Universitetinin Korporativ Hüquq fakültəsini bitirərək magistr dərəcəsini alıb. 2008-2010-cu illərdə Böyük Britaniyada Nottingham Trent Universitetində Korporativ Menecer ixtisasına yiyələnib. 2019-cu ildən LSE-də (London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində) Executive MBA (Biznesin İdarə edilməsi) proqramı üzrə London şəhərində təhsil almağa başlayıb və hazırda təhsilini davam etdirməkdədir.
V.Süleymanov 2011-2015-ci illərdə Atəşgah Sığorta Şirkətində bir sıra rəhbər vəzifələrdə çalışıb. 2015-ci ildən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də rəhbər vəzifələrdə əmək fəaliyyətini davam etdirib. 2016-cı ildən TANAP (Trans-Anadolu qaz boru kəməri) layihəsində SYA (Türkiyənin “Yüksel İnşaat A.Ş.”, İtaliyanin “SICIM S.p.A” və “Akkord” Korporasiyası ) müştərək müəssisəsinin idarə heyətinin üzvüdür.
2018-ci ildən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Müşahidə Şurasının sədr müavini, eyni zamanda, respublikanın ən böyük sement istehsalçılarından biri olan “Qazax Sement Zavodu” MMC-nin idarə heyətinin sədri olub.
V.Süleymanov 2019-2020-ci illərdə “Qazax Sement Zavodu” MMC-nin istehsal həcminin artırılması layihəsini uğurla başa vuraraq illik 1 milyon ton olan istehsal həcmini artıraraq 1,5 milyon tona çatdırıb. İstehsal həcminin artırılması nəticəsində regionda olan bir çox vətəndaşın işlə təmin olunmasını həyata keçirib. Bundan başqa sement istehsalı ilə yanaşı, respublikanın bir sıra strateji əhəmiyyətli bölgələrində yeni beton zavodların fəaliyyət göstərməsinə nail olaraq bununla da bu sahədə öz sözünü deməyi bacarıb. Hazırda “Qazax Sement Zavodu” MMC-nin müşahidə şurasında rəhbərliyini davam etdirməkdədir.
Qeyd edək ki, V.Süleymanov “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin bir sıra yerli və xarici layihələrinə rəhbərlik edib və bu illər ərzində bir çox uğurlara imza atıb. Bundan sonra da şirkət onun rəhbərliyi ilə öz gücünü geri qaytaracaq və daha da inkişaf edəcək.